Nağdsız hesablaşmalar haqqında nə bilirik?

Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının artırılmasına, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsinə, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmağa, pul dövriyyəsini tənzimlənməsinə, bank sisteminin inkişafı məqsədilə bu sahədə “Nağdsız hesablaşmalar haqqında” Qanun təsdiq edilmiş, eyni zamanda Vergi Məcəlləsində də müvafiq əlavə və dəyişikliklər edilmişdir.

Nağdsız hesablaşmalar dedikdə, aşağıdakılar nəzərdə tutulur:

⇒ bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş
tapşırığı və s.)) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyüter və digər avadanlıqlar) ilə həyata keçirilən hesablaşmalar;

ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

     Əgər hesablaşmalar hər iki tərəf vergi ödəyici olan şəxslər arasında aparılarsa, bu zaman nağdsız ödəniş yalnız yuxarıdakı birinci abzasda qeyd olunan formada həyata keçirilə bilər.
     Qanun təsdiq edilməmişdən əvvəl vergi ödəyicisi ay ərzində heç bir məhdudiyyət qoyulmadan istənilən məbləğdə nağd qaydada hesablaşmalar üzrə ödənişlər apara bilirdisə, yeni tətbiq edilən qanuna əsasən vergi ödəyicilərinin statusundan asılı olaraq təqvim ayı ərzində ümumi məbləği aşağıda qeyd edilən məbləğdən artıq olan hesablaşmalar üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 (otuz min) manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 (on beş) min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qanun ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minmişdir.

     Bunlarla yanaşı qanunda aşağıdakı hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə dair tələblər müəyyən edilmişdir:

inzibati cərimələr, maliyyə sanksiyaları, vergilər, gömrük rüsumları və yığımları, faizlər;

lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi, sığorta ödənişləri;

dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə,
büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

stasionar telefon xidmətləri və kommunal xərclər;

vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması;

dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

təhsil haqlarının ödənilməsi;

turagentlərə ödənişlər.

     Eyni zamanda əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada aparılmalıdır.
Bu Qanunun tələblərinin pozulmasına görə, yəni “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicilərinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinə aşağıdakı maliyyə sanksiyalarının tətbiq edilməsi məqsədilə Vergi Məcəlləsinə 58.7-1-ci maddə əlavə edilmişdir:

təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10 faizi;

təqvim ili ərzində ikinci dəfə yol verdikdə aparılan əməliyyatların 20 faizi;

təqvim ili ərzində üç dəfə və daha çox yol verdikdə isə aparılan əməliyyatların 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

384278
Bu gün
Dünən
Bu ay
473
874
9400